Nəşriyyatlarımız
Vəsiyyətnamənin etibarsız hesab edilməsi: nəzəri və praktiki məsələlər
Bakı Dövlət Universiteti, Heydər Əliyevin anadan olunmasının 89-cu ildönümünə həsr olunmuş 12-ci Respublika Elmi-Praktik Konfransının Materiallarında nəşr olunmuş, Expert-SM şirkətinin hüquqşünası, Günay Abasovanın məqaləsi. Yüklə
Korporativ hüquq. SƏHMDAR CƏMİYYƏTLƏRDƏ BAŞ DİREKTORUN VƏ DİREKTORLAR ŞURASININ MƏSULİYYƏTİ VƏ İƏİT KORPORATİV İDARƏETMƏ PRİNSİPLƏRİ
Pulun təhlükəsiz işə qoyulmasını istəyən xarici investorlar, korporativ idarəetmənin kapital artımında ən yaxşı zamin olduğunu hesab edirlər. Lakin Azərbaycanda korporativ məcəllə hələ də işlənilmədiyinə görə, 2000-ci ildən bəri korporativ hüquq münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəaları tənzim etdiyi hüquq münasibətlərin xüsusiyyəti baxımından və bu Məcəllənin korporativ idarəetmədə bütün mənəvi, psixoloji amillərin, münaqişə hallarının həll etmək iqtidarında olmaması baxımdan mümkün deyil. Korporativ idarəetməni tənzimləyən Korporativ Məcəlləni və digər qanunvericilik aktını köçürməkdənsə, təbii ki, Azərbaycan xalqının mentalitetini, adətlərini, mədəniyyətini nəzərə alan Korporativ Məcəllənin hazırlanıb işlənilməsi zəruriyyəti vardır.
Azərbaycanda təxminən 13 böyük şirkət 1998-ci ilin 27-28 aprel tarixli İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT-in) hazırladığı korporativ idarəetmə prinsiplərini yeritmişlər, və idarəetmədə zəruri fərqləndirici xüsusiyyətləri olmasa da, etiraflarına görə, öz idarəetmə üsullarını yaratmışlar.
İƏİT prinsiplərinin müsbət aspektləri bunlardan ibarətdir: səhmdarların mənşəcə hansı ölkədən olub olmamasından asılı olamadan bərabər hüquq və vəzifələrin olması ; kiçik səhmdarların qorunması üçün tədbirlərin görülməsi; böyük səhmdar cəmiyyətinin idarə olunmasında dövlət müdaxiləsinin azalmasına yönələn tədbirlərin hazırlanması. Lakin İƏİT prinsiplərinin 5-ci hissəsinin “C” bəndində yazılmışdır: “İdarə heyəti müvafiq qanunun tətbiqini təmin etməli və maraqlı şəxslərin mənafelərini nəzərə almalıdır”.
Burada belə bir sual ortaya çıxır: Hansı maraqlı şəxslərin mənafeləri və hansı dövlətin qanunvericiliyinə əməl edilməsi? İƏİT sənayeləşmiş ölkələrdən ibarət bir klubdur ki, bu təşkilatın üzvləri sırasında Rusiya və Çindən başqa, Avrasiyanın 34 ölkəsi və həmçinin ABŞ və Yaponiya vardır.
Sanksiyaları tətbiq etmək imkanından məhrum olmasına baxmayaraq, İƏİT öz müqayisəli tədqiqatlarında digər dövlətləri tənqid edə bilər və korrupsiya vəziyyətinin, bank sektorlarunun yaxşılaşdırılmasında, korporativ hüquqa dair tövsiyyələr verməklə, xarici investisiya axınına təsir edə və bu və ya digər dövlətin loyallılığına dair fikrin formalaşmasına yönəldə bilər. Tədqiqat mövzusu hər dəfə bütün hökümətlər, eləcə də diqqət mərkəzində olan ölkənin, nümayəndələri tərəfindən müəyyən edilir.
Bizim fikrimizcə İƏİT korporativ idarəetmə prinsiplərinin mənfi cəhətləri bunlardan ibarətdir: idarə heyətinin baş simalarının məsuliyyətə cəlb etmə mexanizminin olmaması; ölkənin zərərinə xarici ölkələr tərəfindən böyük səhmdar cəmiyyətlərinin idarə olunmasına potensial təhlükənin olması; səhmdarların maraqlarının qorunması mexanizmləri daha çox mənfəətin əldə edilməsini və ölkə iqtisadiyyatının strateji cəhətdən mühüm sahələrinin nəzarət altında saxlanılmasını nəzərdə tutur. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda strateji cəhətdən mühüm olan iqtisadiyyatın neft/qaz sektoruna aid təşkilatlar açıq deyil, Qapalı Səhmdar Cəmiyyət formasında yaradılıb. Məsələn: “Socar-Petrolium”, “Socar-Bağlan”, “Socar-Qalf”, “Azərbaijan John Braun”, “Ecol”, “Energy Solutions Qroup” kimi iri müəssisələr Qapalı Səhmdar Cəmiyyət formasında yaradılmışdır. Burada Azərbaycan Dövlət Neft Şirkətinin səhmdarlarının mülkiyyətinin 49%, 50%, 51% -ni təşkil edir, digər səhmlər isə Britaniya, Türkiyə, Amerika, BƏƏ və Rusiya şirkətlərinin payına düşür. Banklar Açıq Səhmdar Cəmiyyəti formasında olduğuna görə müxtəlif ölkələr tərəfindən səhmlərin əldə edilməsi imkanı və onların təsir dairəsi artır.
Bank sektorunun öyrənilməsi nəticəsində məlum olmuşdur ki, Azərbaycanda bank sektorunun ən yüksək iştirakının göstəricisi Beynəlxalq Maliyyə Korporasiyasına məxsusdur və o, 3 bankda səhmlərə sahibdir: AccessBank -20%, AGBank-17.5%, YapıKrediBank-20%.
Baş direktorun və yaxud da Səhmdar Cəmiyyətin direktorlar şurasının üzvlərinin məsuliyyətə cəlb edilməsi məsələsində dəqiq müəyyən etmək lazımdır ki, burada korporativ idarəetmə prinsipləri əsasında deyil, Azərbaycan Respublikası Əmək Məcəlləsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalları, Nazirlər Kabinetinin Qərarları və sair müvafiq normativ aktlar əsasında həyata keçiriləcəkdir.
İdarəetmə orqnlarının məsuliyətə cəlb edilməsinin aşağıdakı amillərini nəzərə almaq lazımdır:
– Əgər məsuliyyəti bir neçə şəxs daşıyırsa, onlar Səhmdar Cəmiyyəti qarşısında birgə məsuliyyət daşıyırlar;
– Məsuliyyətin əsasları və həcminin müəyyən edilməsində işgüzar adətlər və işin həllində sair vacib hallar nəzərə alınmalıdır;
– Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasında (müşahidə şurası) dövlət və ya bələdiyyə nümayəndələri digər direktorlar şurasının üzvləri ilə birgə bərabər məsuliyyət daşıyırlar.
– Qərar qəbul edilərkən əleyhinə səs verən, itkilər ilə nəticələnən, və ya da heç səs verməyən kollegial orqan üzvləri məsuliyyət daşımır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 193-cü maddəsinə əsasən təşkilatın rəhbəri şirkətin qanunsuz fəaliyyətində etdiyi birbaşa (həqiqi) zərərə görə tam maddi məsuliyyət daşıyır. Belə nəticə çıxarmaq olar ki, əgər yeganə icra edici orqan və ya kollegial icraedici orqanın üzvləri ilə əmək müqaviləsi bağlanmışdırsa, onun cəmiyyətə vurduğu zərərin əvəzini yalnız real zərərin ödənilməsi ilə məhdudlaşacaqdır. Bu halda əldən çıxmış fayda əvəz olunmayacaqdır. Bu səbəbdən baş direktorla bağlanan əmək müqaviləsindəki (birgə məsuliyyət, mülki məsuliyyət, maddi ziyanın ödənilməsi, kommersiya sirri kimi) anlayışlar və sair müvafiq müddəalar dəqiq yazılmalıdır.
Lakin belə bir nəticə müəyyən şübhə doğurur və qanunsuz fəaliyyət nəticəsində səhmdar cəmiyyətin rəhbərlərinin vurduğu ziyana görə maddi məsuliyyətin artırılmasına imkan vermir.
Qanunverici hesab edir ki, rəhbərin (səhmdar cəmiyyətin tək icraedici orqanı, kollegial icra orqanın üzvünün) tam maddi məsuliyyətini təyin edilməsi üçün konkret hallar və şərtlər və yaxud həmin halların dəqiq siyahısını müəyyən etməyə ehtiyac vardır.
AR Mülki Məcəlləsinin 107.4-cü maddəsinə əsasən, əgər tək icra orqanın funksiyaları müqavilə əsasında hər hansı kommersiya təşkilatına (idarəetmə orqanına) və ya individual sahibkara (idarəçiyə) ümumi yığıncağın qərarı ilə keçmişdirsə, həmin orqanın məsuliyyəti mülki qanunvericiliklə müəyyən olunur, yəni onlar səhmdar cəmiyyətə vurduqları ziyana görə tam maddi məsuliyyət daşıyırlar.
İdarəetmə vəzifələrini həyata keçirən şəxs kimi baş direktor (sahibkar) dövlət qarşısında (cinayət və inzibati məsuliyyət daxil olmaqla) məsuliyyət daşıyır. İnzibati məsuliyyət dedikdə: idarəetmə qaydalarının mühafizəsi, dövlət və ictimai qayda, təbiət, əhalinin sağlamlığı və vəzifə borcuna aid edilən digər qaydaların pozulması nəzərdə tutulur. Azərbaycan qanunvericiliyinə əsasən məsul şəxslərin məsuliyyətə cəlb edilməsinin əsasına görə məsuliyyətin iki növü olur: müqavilə (əsas- razılaşma, müqavilə) üzrə məsuliyyət və müqavilədən kənar məsuliyyət qeyri-razılaşma (əsas- qanunvericilik aktı ). Baş direktora (sahibkara) həm müqavilə üzrə , həm də qeyri-müqavilə üzrə məsuliyyət tətbiq edilir. İnzibati məsuliyyət qeyri-müqavilə əsasında yaranan məsuliyyət növü hesab edilir. Məsələn, kommersiya sirrinin yayılması müqavilə üzrə məsuliyyətinin yaranması üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Səhmdar Cəmiyyətin idarə edilməsində səhmdarların əmlakının müdafiə olunmasına imkan yaratmır.
Maksimal olaraq, Baş direktorun hərəkətləri (hərəkətsizliyi) nəticəsində səhmdar cəmiyyətinə dəyən maddi real ziyanın ödənilməsini tələb etmək olar. Baş direktora (səhmdar cəmiyyətinin məsul şəxsi kimi) aid əmək müqaviləsində istifadə olunan maddi məsuliyyətətə cəlb olunma tədbirlərində bunları qeyd etmək olar.
Tam maddi məsuliyyət növündə ziyan heç bir məhdudiyyət olunmadan, tam şəkildə ödənilməlidir. Baş direktor aşağıdakı hallarda tam maddi məsuliyyət daşıyır:
– Əmək vəzifələrin icrası zamanı dəymiş maddi ziyanın ödənilməsi ayrıca qanun və ya qərarlarla qoyulmuşdursa;
– Zərər məhkəmə hökmü ilə müəyyən edilmiş cinayət hərəkətlərinin nəticəsində dəymişdirsə.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq sahibkara maddi məsuliyyət deyil, mülki məsuliyyət aiddir. Əmək müqaviləsində (kontraktında) vətəndaşın səhmdar cəmiyyətinin bir icra orqanı qismində qərar verdiyi zaman mülki məsuliyyəti ayrıca mülki qanunvericiliyinə müvafiq olaraq qeyd edilməlidr.
Bu məsuliyyət növünün maddi məsuliyyətdən fərqi ondan ibarətdir ki: ziyanın ödənilməsi vətəndaşın əmək haqqısından deyil, onun əmlakından edilir. Bundan başqa, müqavilədə müvafiq şərtlər olduğu təqdirdə, baş direktor, səhmdar cəmiyyətinin kollegial idarəetmə orqanının qəbul etdiyi qərara görə birgə məsuliyyət daşıyır. Onu da qeyd etmək lazımdır ki, azərbaycan mülki qanunvericiliyində bu müddəa yoxdur.
Cəmiyyətə həmçinin məsləhət görülür ki, öz hesabına baş direktorun, idarə heyətinin üzvlərin məsuliyyətinin sığortalanmasını təşkil etsinlər, bu halda həmin şəxslərin hərəkətləri nəticəsində cəmiyyətə və ya üçüncü şəxslərə dəyən ziyan ödənilməlidir.
Bu cür mexanizmin təmin edilməsi təkcə mülki-hüquq məsuliyyətin effektivliyini artırmır, həmçinin də özlərinə qarşı böyük iddiaların irəli sürülməsindən çəkinib, idarəedici orqanlara səriştəli mütəxəssislərin cəlb edilməsinə nail olmaq olur.
Sonda qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Korporativ Məcəlləsini tərtib etməklə, yalnız səhmdarların hüquq və öhdəliklərinin müdafiəsi nöqteyi nəzərdən və İƏİT prinsiplərinin köçürülməsilə deyil, Azərbaycanın işgüzar adətlərini, mentalitetini nəzərə alaraq idarəetmə prinsiplərini inkişaf etdirib, Azərbaycan biznesinin və iqtisadiyyatının konseptual inkişafında böyük uğur qazanılar.
Sübhan Məmmədov
“Ekspert-SM ” Beynəlxalq Hüquq və Konsaltinq şirkətinin
İdarəedici Partnyoru