Azərbaycan və Aİ arasında əməkdaşlıq qarşılıqlı maraqlara uyğun olmalıdır - ali nümayəndə PDF faylını al Çap E-poçt

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında münasibətlərin dərinləşməsi müstəsna əhəmiyyət kəsb edir. Trend-in məlumatına görə, bu barədə Aİ-nin xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton Bakıda keçirilən mətbuat konfransında deyib.

"Bu əməkdaşlıq tərəflərin maraqlarına uyğun gəlməlidir", - xanım Eşton bildirib.

Eşton deyib ki, Azərbaycan regionun lideri kimi böyük əhəmiyyətə malikdir və Aİ-nin Bakı ilə əməkdaşlığı hamı tərəfindən qəbul edilən, qarşılıqlı dəyərlərdən qurulmalıdır.

"Azərbaycana indiki səfər zamanı biz azərbaycanlı həmkarlarımızla bu münasibətlərin gələcək inkişafı üzrə bir sıra məsələləri nəzərdən keçirmişik", - o deyib.

Onun sözlərinə görə, Aİ Azərbaycanda demokratik dəyərlərin inkişafı, eləcə də insan haqlarının təmin edilməsi məsələlərinə böyük önəm verir.

Ehtiyac olarsa, Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dəstək verməyə hazırdır. Aİ Dağlıq Qarabağ üzrə öz xüsusi nümayəndəsini təyin etməklə, artıq bu münaqişənin tənzimlənməsində fəal iştirak etmək arzusunu nümayiş etdirib.

Mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, tərəflər xüsusən enerji resurslarının Avropaya tədarükünün şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsi çərçivəsində enerji əməkdaşlığı məsələlərini, "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində gələcək fəaliyyəti və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini müzakirə ediblər.

Avropa İttifaqı və Azərbaycanın münasibətləri 1990-cı ildə Avropa Komissiyasının MDB ölkələrinə TASIS proqramı çərçivəsində göstərdiyi dəstəklə başlayıb.

Avropa İttifaqı və Azərbaycan arasında 1999-cu ildə qüvvəyə minmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş mövcuddur, eləcə də 2003-cü ildən fəaliyyət göstərən Avropa Mehriban Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq həyata keçirilir.

2009-cu ilin mayında Azərbaycanla Aİ arasında münasibətlər yeni mərhələyə - təşəbbüskarı Polşa və İsveç olan "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığa keçib.

"Şərq Tərəfdaşlığı" proqramı Aİ-nin qonşuluq siyasəti çərçivəsində altı postsovet ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə siyasi və iqtisadi əlaqələrinin yaxşılaşdırılmasına yönəldilib.

Proqram Aİ-yə üzvlük imkanını deyil, viza rejiminin sadələşdirilməsi, energetika sahəsində əməkdaşlıq, azad ticarət zonalarının tətbiqini nəzərdə tutur. Tələbə mübadiləsi, ətraf mühitin qorunması, enerji təchizatı üzrə kiçik layihələr də həyata keçiriləcək.

Trend.az